REGİONLAR
Bərdənin turist marşrutunun planı hazırlanıb
Bərdə, 3 fevral, AZƏRTAC
Müasir dövrdə İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə böyük ehtiyacı var. Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Bərdədə keçirilən “İslam həmrəyliyi ilinin mədəniyyət və turizm sahəsində rolu” adlı “dəyirmi masa”da səsləndirilib. Bərdə Turizm İnformasiya Mərkəzinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Tarix-Diyarşünaslıq Muzeyinin və digər müəssisələrin əməkdaşlarının iştirak etdiyi tədbirdə “İslam həmrəyliyi ili”ndə qarşıda duran vəzifələr müzakirə olunub.
Turizm İnformasiya Mərkəzinin mütəxəssisi Əhliyyət Əliyev çıxışında 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsinin mədəniyyət, humanitar məsələlər, turizm əlaqələrinin inkişaf etdirilməsi baxımından əhəmiyyətini yüksək qiymətləndirib. O, bu il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin turizm potensialına müsbət təsirini diqqətə çatdıraraq, Bərdə Turizm İnformasiya Mərkəzinin hazırladığı turist marşrutunun planını təqdim edib.
Bərdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Havva Mirzəyeva bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilməsi Azərbaycanın İslam ölkələri arasında nüfuzunu daha da artıracaq.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Səbuhi Qasımov çıxışında diqqəti son dövrlər İslam ölkələrində baş verən müharibələrə, münaqişələrə yönəldib. Qeyd edilib ki, həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürür.
Tədbir diskussiya şəklində davam edib.