MƏDƏNİYYƏT
Berlində Novruz şənliyi keçirilmişdir
Berlin, 26 mart (AZƏRTAC). Berlində fəaliyyət göstərən Azərbaycan Evinin, bu ilin Azərbaycanlı Beynəlxalq Parlament Təqaüdçülərinin, Alman-Azərbaycan Gənclər Assosiasiyasının təşkilatçılığı ilə dünyanın təxminən 30 ölkəsindən olan və Almaniya parlamentində fəaliyyət göstərən gənc beynəlxalq fəallar üçün Novruz şənliyi təşkil olunmuşdur.
Azərbaycan Evində keçirilən tədbiri açan Alman-Azərbaycan Gənclər Assosiasiyasının sədri Rəqsanə Civişova xalqımızın ən əziz bayramı olan Novruz haqqında məlumat vermişdir. O, Novruzun sülh, dostluq, təbiətin oyanışı, bərəkətlilik bayramı olduğunu söyləmişdir.
Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi Fikrət Axundov çıxışında ölkəmizdə qeyd olunan bayramlar və xalqımızın adət-ənənələri haqqında məlumat vermişdir. O, xüsusilə Novruz bayramının Azərbaycan xalqının həmrəyliyində, məişət və ictimai həyatındakı rolundan danışmışdır.
Mərasimdə qonaqlara Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim edilmiş, milli musiqimizdən nümunələr səsləndirilmiş və rəqslər ifa olunmuşdur.
Tədbirdə Azərbaycanın, həmçinin Rusiyanın Almaniyadakı səfirliklərinin əməkdaşları iştirak etmişlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin