İDMAN
Berlində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə futbol üzrə mini-turnir keçirilmişdir
Bakı, 14 may (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Almaniyanın paytaxtı Berlində 13 yaşadək uşaqlardan ibarət komandalar arasında futbol üzrə mini-turnir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, turnirdə Almaniya, Çexiya, Sloveniya, Danimarka təmsilçiləri ilə yanaşı, Almaniyada yaşayan azərbaycanlılardan təşkil olunmuş “Azəri” komandası da mübarizə aparmışdır. On komandanın çıxış etdiyi turnirdə 150 uşaq iştirak etmişdir.
Mini-turnirin qalibi Almaniya təmsilçisi olmuşdur. İkinci yeri Çexiya, üçüncü pilləni Danimarka komandası tutmuşdur. “Azəri” komandası turniri dördüncü yerdə başa vurmuşdur.
Oyunlar başa çatdıqdan sonra konsert proqramı təqdim olunmuş və yarış iştirakçılarının şərəfinə ziyafət verilmişdir.
Qarşılaşmaları AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts izləmişlər.
Qərara alınmışdır ki, ümummilli lider Heydər Əliyevin anadan olduğu 10 may tarixində hər il Berlin şəhərində analoji turnir təşkil olunsun.