SİYASƏT
BERNAR FASYE: “PRAQADA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ İLƏ BAĞLI ELEMENTLƏR MÜƏYYƏN EDİLMİŞDİR VƏ BİZ ONLARI BİRLİKDƏ RAZILAŞDIRMALIYIQ”
Bakı, 16 may (AZƏRTAC). Praqada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı elementlər müəyyən edilmişdir və biz onları birlikdə razılaşdırmalıyıq.
Bu sözləri deyən ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye bildirmişdir ki, həmsədrlər bu məsələ üzərində işi nə qədər mümkündür, o qədər tez davam etdirməyi qərara almışlar. Praqa görüşündən bir həftə sonra regiona səfər etdiyini deyən fransalı həmsədr söyləmişdir ki, tərəflərlə keçirdiyi görüşlər onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli işini davam etdirmək üçün masada kifayət qədər müzakirə olunacaq məsələlər vardır.
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşündə hansısa sənədin imzalanmasına gəlincə, B.Fasye konkret sənədin olmadığını vurğulamışdır.
Mayın 16-da Azərbaycandan Türkiyəyə yola düşən fransalı həmsədr bildirmişdir ki, o, Bakıda keçirdiyi görüşlərin nəticəsi olaraq danışıqları Türkiyə rəsmiləri ilə davam etdirəcəkdir. Danışıqlarda Dağlıq Qarabağla yanaşı, cari məsələlər də müzakirə olunacaqdır. ATƏT-in Minsk qrupunun amerikalı və rusiyalı həmsədrləri Mətyu Brayzə və Yuri Merzlyakov da danışıqlarda irəliləyişə nail olmaq məqsədi ilə yaxın vaxtlarda regiona səfər edəcəklər.