İQTİSADİYYAT
“Bərpa olunan enerji mənbələrinin energetika sisteminə inteqrasiyasında hidroakkumulyasiya elektrik stansiyalarının rolu” kitabı çapdan çıxmışdır
Bakı, 24 yanvar (AZƏRTAC ). Tahir Cəfərovun “Bərpa olunan enerji mənbələrinin energetika sisteminə inteqrasiyasında hidroakkumulyasiya elektrik stansiyalarının rolu” kitabı “Kövsər” nəşriyyatında çapdan çıxmışdır.
AZƏRTAC xəbər verir ki, elmi redaktoru Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Akim Bədəlov olan kitabda alternativ və bərpa olunan enerji mənbələrinin energetika sisteminə inteqrasiyasında hidroakkumulyasiya elektrik stansiyalarının tətbiqi üzrə təkliflə yanaşı, Avropanın mərkəzləşdirilmiş proqnozlaşdırma sistemi haqqında da məlumatlar yer alır.
Təqdim olunan kitabda Kür çayı üzərində fəaliyyət göstərən “Mingəçevir”, “Şəmkir”, “Yenikənd” və “Varvara” SES-lərinin mövcud hidroenergetik potensialından və hidrotexniki qurğularının konstruktiv imkanlarından daha səmərəli istifadə etməklə müstəqil hidroakkumulyasiya elektrik stansiyalarının quraşdırılması və ya mövcud hidroaqreqatların çevrilən turbinnasos (pump) rejiminə keçirilməsi yolu ilə Azərbaycanın energetika sisteminin texniki-iqtisadi göstəricilərinin yüksəldilməsi və Avropa energetika sistemi ilə birgə fəaliyyəti üçün əlavə imkanların yaradılması yolları öz əksini tapmışdır.
Respublikanın elektrik enerjisinin 65-70 faizini istehlak edən Abşeron kimi ərazinin enerji təchizatı sistemində yaranan fasilələrin aradan qaldırılması üzrə bərpa olunan enerji mənbələrinin və hidroakkumulyasiya elektrik stansiyalarının birgə tətbiqi və şəhərin kateqoriyasına uyğun dairəvi elektrik təchizat sisteminin qurulması prinsipləri də kitabda geniş yer almışdır.
Kitab mühəndis - texniki işçilər və tələbələr üçün əhəmiyyətli mənbə rolunu oynaya bilər.
Müəllif T.Cəfərov energetikada şəffaflığın təmin edilməsi, energetika sisteminin səmərəliliyinin artırılması, bu sahədə yeni texnologiyaların tətbiqi, SES-lərin təhlükəsizliyi, hidroakkumulyasiya elektrik stansiyaları, bərpa olunan enerjidən istifadə haqqında və s. məqalələrin müəllifidir.