İDMAN
Berti Foqts: Ələkbər Məmmədov bütün varlığı ilə futbola bağlı idi
Bakı, 5 avqust (AZƏRTAC). Ələkbər Məmmədovun vəfatı Azərbaycan futbolu, ümumilikdə, idmanı üçün ağır itkidir və onun yoxluğu hər zaman özünü göstərəcəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssis bildirib ki, onunla cəmi bir neçə il əvvəl tanış olmağıma baxmayaraq, çox xoş və səmimi ünsiyyətimiz vardı. Ələkbər Məmmədov bütün varlığı ilə futbola bağlı idi və söhbətin hansı mövzu ətrafında getməsinə baxmayaraq, o, mütləq futbol barədə söz salırdı. Onun vaxtilə çıxış etdiyi komandalar üçün nə qədər önəmli futbolçu olduğunu, hər zaman qələbəyə kökləndiyini, məşqçi işlədiyi dövrdə isə rəhbərlik etdiyi komandanın üzvlərinə böyük qayğı ilə yanaşdığını bilirəm.
Berti Foqts vurğulayıb ki, Ələkbər Məmmədov AFFA-nın yeni yarandığı dövrlərdə, çətin şəraitdə Azərbaycan milli komandasına rəhbərlik edib, bu ağır işin öhdəsindən ləyaqətlə gəlib. Onun ailəsinə, yaxınlarına, Azərbaycan futbol ictimaiyyətinə bu ağır itki ilə əlaqədar başsağlığı verir, səbr diləyirəm.
Qeyd edək ki, 84 yaşında vəfat edən idman xadimi, məşhur futbolçu Ələkbər Məmmədov avqustun 4-də İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.