İDMAN
Berti Foqts Özbəkistan millisi ilə oyunun əhəmiyyətini yüksək qiymətləndirib
Bakı, 19 avqust (AZƏRTAC). Şadam ki, Özbəkistan yığmasına qarşı oynamaq fürsətimiz var. Təəssüf ki, bundan sonra avqustda FIFA-nın təqvimində yoldaşlıq oyunları üçün nəzərdə tutulmuş gün olmayacaq. Bu, bizim kimi ölkələr üçün əlverişsizdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts avqustun 19-da “Sheraton Baku Airport Hotel”də təşkil olunmuş mətbuat konfransında deyib.
Almaniyalı mütəxəssis bildirib ki, Avropa çempionatının seçmə mərhələsinə Bolqarıstan yığması ilə oyunla start verəcəyik. Avropada Bolqarıstan yığmasının oyun üslubuna uyğun komanda tapmaq çox çətindir. Bu baxımdan Özbəkistan millisinə qarşı oynamaq bizim üçün əhəmiyyətlidir.
Berti Foqts Rusiya yığmasına qarşı sentyabrda keçiriləcək yoldaşlıq oyununun futbolçularımız üçün xüsusi prinsipiallıq daşıdığını bildirib. Vurğulayıb ki, bu qarşılaşma prinsipiallığına görə Almaniya - Hollandiya matçını xatırladır. Fabio Kapello mənim dostumdur. Komandamızın dünya çempionatında çıxış edən yığmaya qarşı oynamasını istəyirdim. Müqavilədə nəzərdə tutulub ki, Rusiya millisi ilə Bakıda da yaxın üç ildə yoldaşlıq oyunu keçirilsin.