MƏDƏNİYYƏT
Bəstəkarlar İttifaqında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş konsert olmuşdur
Bakı, 3 iyun (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert zalında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş konsert olmuşdur.
Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə qeyd etmişdir ki, bu konsertdə Bakı musiqi məktəblərinin ən istedadlı şagirdləri çıxış edirlər.
Uzun müddət üçün nəzərdə tutulan bu layihə çərçivəsində musiqi məktəblərinin şagirdləri Azərbaycan bəstəkarlarının əsərlərini, Azərbaycanın zəngin musiqi ənənələrini təbliğ edirlər.
F.Əlizadə son vaxtlar ölkəmizin musiqi həyatında baş vermiş yeniliklər haqqında məlumat vermişdir. Qeyd edilmişdir ki, konsertdə həm də uşaqlar üçün əsərlər yazan Azərbaycan bəstəkarlarının, o cümlədən 85 illik yubileyi hazırda ölkəmizin musiqi ictimaiyyəti tərəfindən qeyd edilən Oqtay Zülfüqarovun, habelə Azər Dadaşov, Sevda İbrahimova və başqalarının əsərləri səslənəcəkdir.
Konserti Azərbaycan televiziyası və radiosunun “Bənövşə” uşaq xoru açmışdır (kollektivin bədii rəhbəri Zülfiyyə İbrahimovadır).
Konsertdə R.Behbudov adına 2 nömrəli, Niyazi adına 22 nömrəli, 34 nömrəli, L. və M.Rostropoviçlər adına 21 nömrəli məktəbin, habelə Q.Qarayev adına mərkəzi incəsənət məktəbinin şagirdləri iştirak etmişlər.
Konsertdə Azərbaycan klassiklərinin və müasir bəstəkarların əsərləri səslənmişdir.
Tədbirin sonunda F.Əlizadə konsert iştirakçılarına Azərbaycan Bəstəkarlar İttifaqlarının Fəxri fərmanlarını təqdim etmişdir.