İQTİSADİYYAT
Beyləqanda cari ilin birinci rübünün yekunları müzakirə edilmişdir
Beyləqan, 16 aprel (AZƏRTAC). Beyləqan Rayon İcra Hakimiyyətində 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev hesabat məruzəsində bildirmişdir ki, cari ilin birinci rübündə rayonda 21,2 milyon manatlıq məhsul istehsal olunmuş, əhaliyə xidmət göstərilmişdir. Bu dövrdə kənd təsərrüfatı məhsullarının istehsalı 29 faiz artmış, 2,3 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüşdür.
Əhalinin dayanıqlı elektrik enerjisi və təsərrüfat suyu ilə təmin olunması sahəsində görülmüş işlərdən danışılmış, tikinti-abadlıq işlərinin geniş vüsət aldığı vurğulanmışdır. Məlumat vermişdir ki, hazırda Ticarət-xidmət kompleksinin, 360 yerlik orta məktəb binasının, Şəfəq qəsəbəsində yağ-pendir zavodunun, “Ekologiya” parkının Sərgi kompleksinin tikintisində tamamlanma işləri gedir. Mərkəzi rayon xəstəxanasının binası əsaslı surətdə yenidən qurulur, 5 min ton tutumu olan meyvə-tərəvəz soyuducu anbarı, “Kral” şadlıq sarayı, özəl diaqnostika mərkəzi, digər iri kapital tutumlu istehsal, emal, xidmət müəssisələri, onlarla yaşayış binası inşa edilir. Təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün Fövqəladə Hallar Nazirliyinin xətti ilə ümumi sahəsi 4322,5 kvadratmetr olan 48 fərdi ev tikilib istifadəyə verilmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 1142 baş, davarın sayı 2794 baş, ət istehsalı 166 ton, süd istehsalı 1255 ton, yumurta istehsalı 402 min ədəd artmışdır.
Hesabat dövründə 538 nəfər işlə təmin olunmuşdur.
Yığıncaqda çıxış edənlər görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmış, təkliflərini vermişlər.