CƏMİYYƏT
Beyləqanda Məhərrəm ayı ilə bağlı tədbir keçirilib
Bakı, 5 avqust, AZƏRTAC
Avqustun 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beyləqan rayonu üzrə qazılığının təşkilatçılığı ilə “Aşura mərasimləri: tarix, ənənə və hüquq müstəvisində” mövzusunda tədbir keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu, QMİ-nin bölgə üzrə qazısı Mirsəccad İmranov və Beyləqan rayonunda fəaliyyət göstərən din xadimləri, dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi söylənilib. İslam dininin mənəviyyatımız, mədəniyyətimiz, mental dəyərlərimizlə bağlı olduğu, bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə milli-mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli bir vəzifənin düşdüyü qeyd edilib. Eyni zamanda, Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericiliyə uyğun şəkildə keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.