SİYASƏT
Beynəlxalq Əmək Təşkilatı beş jurnalistə Cenevrəyə səfər etmək imkanı yaradacaqdır
Bakı, 17 aprel (AZƏRTAC). Beynəlxalq Əmək Təşkilatı (BƏT) mayın 23-25-də Cenevrədə keçiriləcək Gənclərin Məşğulluğu Forumunu KİV-də məqalələr, müsahibələr vasitəsilə işıqlandıracaq beş jurnalistə bu şəhərə səfər etmək imkanı yaradacaqdır.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müsabiqədə yaşı 30-dan artıq olmayan, jurnalistika təcrübəsinə malik (media, foto, video və radio), ingilis, fransız və ya ispan dilini işçi səviyyədə bilən şəxslər iştirak edə bilərlər.
Müsabiqəyə qatılmaq istəyən jurnalistlər aprelin 18-dək tərcümeyi-hallarını, iştirak etməklə bağlı səbəbləri əks etdirən müşayiət məktubunu, jurnalistika təcrübəsini əks etdirən 2-3 məqaləni, videomaterialları və s. məlumatları [email protected] (subject: “I am a young journalist”) elektron ünvanına göndərməlidirlər.