İDMAN
Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının prezidenti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir
Bakı, 23 sentyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Bakıda Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AİPS) İcraiyyə Komitəsinin iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, AİPS-in prezidenti Canni Merlonun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 23-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.