ELM VƏ TƏHSİL
Beynəlxalq kompüter çempionatının ölkə mərhələsi üzrə qalibi məlum olub
Bakı, 12 aprel, AZƏRTAC
“Qızıl Bayt-2017” beynəlxalq kompüter çempionatının ölkə mərhələsi üzrə final yarışında 100 nəfər mübarizə aparıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yarışda “Oyun dizaynı” nominasiyası üzrə “SABAH” qrupları tələbəsi Ağababa Bağırovun hazırladığı “The Little Hero” oyunu birinci yer tutub. Qalib aprelin 22-də Kiyev şəhərində keçiriləcək beynəlxalq final yarışında ölkəmizi təmsil edəcək.
Çempionat 9 nömrəli Bakı Peşə Liseyinin bazasında yaradılmış IT STEP akademiyasında keçirilib.
Yarışların keçirilməsində məqsəd informasiya texnologiyaları sahəsinin inkişafını sürətləndirmək, istedadlı gəncləri üzə çıxarmaq, onların tanınmış mütəxəssislərlə ünsiyyət yaratmasını təmin etmək və layihələrinə dəstək verməkdir.
Bu il Təhsil Nazirliyinin dəstəyi ilə azərbaycanlı gənclər ilk dəfə olaraq çempionatda iştirak edir. Çempionat proqram, innovasiya layihələri, sistem inzibatçıları, mobil proqramlar, oyun və oyun personajlarının yaradılması, web-layihələr, qısa film, məlumat bazaları ilə iş üçün proqram, 10-17 yaşlı məktəblilərin layihələri nominasiyaları üzrə keçirilir. “Qızıl-Bayt” çempionatının tərəfdaşları “Microsoft”, “InterSystems”, “Intel”, “Dell”, “Stearling Studio” şirkətləridir. İndiyədək çempionata Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Estoniya kimi ölkələrdən təxminən 24 min iştirakçının 6 mindən çox işi təqdim olunub.