ELM VƏ TƏHSİL
Beynəlxalq konfransın elmi nəticə və təklifləri istehsalata tətbiq ediləcək
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Texniki Universiteti (AzTU) və Rusiya Federasiyası Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransın praktiki əhəmiyyəti sənayenin bir sıra sahələri üçün böyük önəm kəsb edir. Belə ki, konfransın yekununda Azərbaycanda maşınqayırma, neft-qaz istehsalı sənayesi, hərbi sənaye komplekslərinin, cihazqayırmanın və digər uyğun sahələrin daha da inkişaf etdirilməsinə dair elmi nəticə və təkliflər ümumiləşdirilərək istehsalata tətbiq olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda “Ölçmə və keyfiyyət: problemlər və perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi-texniki konfransda AzTU-nun metrologiya və standartlaşdırma kafedrasının müdiri, professor Elçin İsgəndərzadə jurnalistlərə müsahibəsində deyib.
E.İsgəndərzadə bildirib ki, 10-dan çox ölkənin alimlərinin iştirak etdiyi konfransda metrologiya, ölçmələr və keyfiyyətə nəzarətin müasir problemlərinə dair işgüzar müzakirələr aparılacaq.