MƏDƏNİYYƏT
Beynəlxalq Muğam Mərkəzində Rafiq Babayevin xatirə gecəsi keçirilmişdir
Bakı, 28 oktyabr (AZƏRTAC). Oktyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində tanınmış pianoçu və bəstəkar, Azərbaycanın Xalq Artisti Rafiq Babayevin xatirə gecəsi keçirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyəti Fondu və “Sweet production” şirkətinin təşkilatçılığı ilə keçirilən gecə maestronun anadan olmasının 75 illiyinə həsr edilmişdir.
Tanınmış teleaparıcı Rahib Azəri gecəni açaraq, musiqiçinin həyat və yaradıcılığından söz açmışdır. Qeyd etmişdir ki, Rafiq Babayev Azərbaycan musiqi sənətinin inkişafına böyük töhfə vermiş, gənc istedadlı musiqiçilərin parlaq pleyadasını yetişdirmişdir. Onun yetirmələri arasında caz kompozisiyaları ifaçısı Əzizə Mustafazadə, tanınmış müğənni Firəngiz Rəhimbəyova, istedadlı ifaçı Cəfər Behbudov və başqaları vardır. Rafiq Babayev Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrində işləyərək muğamın əsaslarını öyrənmişdir. O, həmçinin “Qaya” caz kvartetində, Azərbaycan Dövlət Mahnı Teatrında çalışmışdır. O, müxtəlif illərdə Müslüm Maqomayev, Akif İslamzadə kimi böyük ifaçıları müşayiət etmişdir. “Cəngi” ansamblı unudulmaz musiqiçinin rəhbərliyi altında caz və Azərbaycan xalq musiqinin sintezini ifa etmiş, keçmiş Sovet İttifaqının bir çox şəhərlərində qastrol səfərlərində olmuşdur.
Birinci caz festivalı bakılıların çox sevdikləri Yaşıl Teatrda 1967-ci ilin iyul ayında baş tutmuşdu. Gənc musiqiçilərin, o cümlədən Rafiq Babayevin parlaq çıxışları ittifaq mətbuatının diqqət mərkəzində olmuşdu. Azərbaycan caz ifaçılarının adları o vaxtlar ucsuz-bucaqsız olan sovetlər ölkəsinin bütün guşələrində caz pərəstişkarları arasında dillər əzbərinə çevrilmişdi.
Çoxşaxəli istedad, bitib-tükənməyən enerji sahibi olan Rafiq Babayev həm də gözəl təşkilatçı və pedaqoq idi. Onun təşəbbüsü ilə gənc ifaçıların “Bakı payızı” festivalı, Vaqif Mustafazadənin xatirə gecələri, caz festivalları keçirilmişdi. Bu festivallar çərçivəsində onun istedadlı yetirmələrinin iştirakı ilə konsertlər təşkil olunurdu. Sevimli tələbələrindən biri Əzizə Mustafazadənin debütü 1987-ci ildə maestronun iştirakı ilə keçirilən sonuncu Bakı caz festivalında olmuşdu. Rafiq Babayev musiqiçilər üçün səhnə kostyumlarının eskizlərini özü yaradırdı. Lakin bir çox planlarını həyata keçirmək ona nəsib olmadı. Musiqiçinin parlaq həyatı 1994-cü ilin martında – Bakı metrosunda terror aktı zamanı qırıldı.
Səhnədə quraşdırılmış böyük ekranda Azərbaycan televiziyası və radiosunun fondlarından, ailə arxivindən təqdim olunmuş və Rafiq Babayevin həyat və yaradıcılığının müxtəlif məqamlarını əks etdirən fotoşəkillər bir-birini əvəzləyirdi. Tanınmış Azərbaycan musiqiçiləri – Cəmil Əmirov və onun “Savab” qrupu, saksafonçu Rain Sultanov, gənc pianoçu Emil Əfrasiyab, ustad cazmen, pianoçu Salman Qəmbərov bir-birinin ardınca səhnəyə çıxırdılar. Onların Rafiq Babayev repertuarından ifa etdikləri kompozisiyalar nostalji hisslər oyadan bu xatirə gecəsinə toplaşan sənətsevərləri - tanınmış mədəniyyət və incəsənət xadimlərini, ziyalıların nümayəndələrini, Rafiq Babayevin doğma və yaxınlarını, dostlarını, yaradıcılığının pərəstişkarlarını çox təsirləndirdi. Onlar sevimli ifaçılarını “bravo” sədaları və gurultulu alqışlarla salamladılar.