MƏDƏNİYYƏT
Beynəlxalq Muğam Mərkəzində “Səssizliyin sözləri” mim tamaşası nümayiş olunub
Bakı, 16 aprel, Flora Şükürova, AZƏRTAC
Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutunun dəstəyi ilə “Frankofoniya və Fransız dili həftəsi” çərçivəsində Beynəlxalq Muğam Mərkəzində “Səssizliyin sözləri” mim tamaşası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Fransanın ölkəmizdəki səfiri xanım Oreliya Buşe çıxış edərək Beynəlxalq Frankofoniya təşkilatının hər il bu cür tədbirlər keçirdiyini bildirib. O deyib ki, təşkilata Belçika, Misir, Yunanistan, Litva, Mərakeş, Rumıniya və İsveçrə kimi ölkələr daxildirlər. Fransız dilinin dünyada, o cümlədən Azərbaycanda da geniş yayılmış dillərdən biri olduğunu qeyd edən səfir bu dilin həm də ümumi dəyərlərin bölüşdürülməsində böyük rol oynadığını vurğulayıb. O deyib: “Bu axşam göstəriləcək tamaşada siz tək dil ilə deyil, həmçinin mimika və jestlərlə də danışmağın mümkünlüyünün bir daha şahidi olacaqsınız”.
Fransız komediya və mim aktyoru Loran Dökolun ifasında 8 müxtəlif səhnəcikdən ibarət çıxışı maraqla izləyən qonaqlar tamaşanı böyük rəğbətlə qarşılayıblar.
Məşhur fransız mim ustaları Marsel Marso və Etyen Dekrunun ən yaxşı tələbələrindən sayılan Loran Dökolun “Səssizliyin sözləri” tamaşası artıq Fransa, Cənubi Koreya, Rusiya, Hindistan və bir çox Afrika ölkələrində səhnələşdirilib.