İQTİSADİYYAT
Beynəlxalq sərginin iştirakçıları Azərbaycanın əldə etdiyi nailiyyətlərə xüsusi maraq göstərirlər
Noyabrın 10-da Kuala Lumpur şəhərində 5-ci “OIC World Biz” adlı beynəlxalq sərgi və konfransı öz işinə başlayıb. Azərbaycana, onun əldə etdiyi yüksək nailiyyətlərə iştirakçılar tərəfindən xüsusi maraq göstərilir.
Beş gün davam edəcək beynəlxalq tədbirdə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin və qeyri-müsəlman ölkələrin nümayəndə heyətləri, habelə 1000-ə yaxın biznes qurumunun təmsilçiləri iştirak edirlər. Bu sərgi və konfrans İslam ölkələrinin ən böyük iqtisadi tədbirlərdəndir. Malayziya hökuməti bu tədbirə ciddi əhəmiyyət verərək, onun təşkilinə 2,5 milyon ABŞ dollarından çox vəsait ayırıb.
Tədbirdə Azərbaycanı tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin rəhbəri olduğu “AVESTA” konserni təmsil edir.
Noyabrın 11-də 5-ci “OIC Muslim World Biz” beynəlxalq sərgi və konfransının açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev də iştirak edib. Malayziyanın sabiq Baş naziri Tun Abdullah Bədəvi çıxış edərək İslam dünyasının həmrəyliyinin əhəmiyyətini vurğulayıb.
Mərasimdə “İslam Dünyasının Cöhvərləri” adlı nominasiya üzrə müxtəlif müsəlman ölkələrini təmsil edən doqquz iş adamı fəxri mükafatlarla təltif edilib. Azərbaycanlı iş adamı Hacı İbrahim Nehrəmli “Ən uğurlu iqtisadi layihə və sosial duyarlılıq” nominasiyası üzrə mükafata layiq görülüb. Təltifetmədən sonra çıxış edən İ.Nehrəmli İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycanın sürətlə inkişaf etdiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu biznes fəaliyyəti üçün əlverişli şərait yaradıldığını bildirib. Azərbaycanın nail olduğu sosial-iqtisadi inkişafın fonunda təmsil etdiyi şirkətin də böyük əhəmiyyətli layihələrə imza atdığını qeyd edən İ.Nehrəmli artıq reallaşmasına başlanılan “Xəzər adaları” yaşayış və biznes kompleksi haqqında məlumat verib. Kompleksin gələcəkdə İslam dünyasının ən məşhur biznes mərkəzlərindən birinə çevriləcəyinə ümid bəslədiyini bildirib.
Səfirliyimiz tərəfindən təşkil edilən pavilyonda ölkəmizin sosial-iqtisadi inkişafı, investisiya imkanları, ixrac məhsulları, turizm potensialı haqqında əyani vəsaitlər sərgilənib. Sərginin açılış günü sabiq Baş nazir Tun Abdullah Bədəvi Azərbaycan pavilyonuna baş çəkib və ölkəmizin iqtisadi imkanları, həyata keçirilən iri miqyaslı layihələrlə tanış olub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur