İQTİSADİYYAT
Beynəlxalq tədqiqatçılar “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin imkanlarını araşdırıb
Bakı, 29 dekabr, AZƏRTAC
Hindistanın Mumbay, Şri-Lankanın Kolombo və Banqladeşin Çittaqonq limanlarının nümayəndələrindən ibarət tədqiqat qrupu iki ay ərzində “ADY Konteyner” MMC-də tədqiqat işləri aparıb.
MMC-dən AZƏRTAC-a bildirilib ki, tədqiqatın məqsədi Azərbaycanın da iştirakçısı olduğu “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin imkanlarının araşdırılması, bu dəhlizə əlavə yüklərin cəlb edilməsi perspektivlərinin öyrənilməsi olub. Tədqiqatçılar xüsusi olaraq həmin limanlardan seçiliblər. Belə ki, bu limanların yerləşdiyi ölkələr “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə əlavə yük dövriyyəsinin cəlb olunması baxımından böyük önəm kəsb edir.
Missiyanın yekun tədbiri zamanı tədqiqatçılar öz araşdırmalarının nəticələrini təqdim edərək “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin imkanlarının genişləndirilməsi üzrə tövsiyələrini veriblər.
Hazırkı tədqiqat missiyası ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri ilə multimodal konteyner yükdaşımalarının həcminin artırılması məqsədilə “ADY Konteyner” MMC tərəfindən həyata keçirilən tədqiqat və inkişaf tədbirlərinin tərkib hissəsidir.