SİYASƏT
Beynəlxalq təşkilatın icraçı direktoru: Beynəlxalq təşkilatlar islamofobiya ilə mübarizə aparmaq üçün konkret addımlar atmalıdır
Bakı, 8 mart, AZƏRTAC
Bu mənim Azərbaycana ikinci səfərimdir. Hesab edirəm ki, hələ də ölkənizi yetərincə yaxından tanıya bilməmişəm. Ancaq deyə bilərəm ki, belə bir konfransın məkan olaraq Azərbaycanda keçirilməsi islamofobiya ilə bağlı müzakirələrin aparılması baxımından vacib əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a müsahibəsində “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçısı, CAGE beynəlxalq təşkilatının icraçı direktoru Muhammed Abdur Rabbani deyib.
Qonaq bu cür tədbirlərin islamofobiya mövzusunun dünya gündəminə gətirilməsinə şərait yaratdığını vurğulayıb.
“Bu hələ ilkin mərhələdir, daha sonra isə biz real əməli addımların atılmasını gözləyəcəyik. Düşünürəm ki, beynəlxalq təşkilatlar islamofobiya ilə mübarizə aparmaq üçün konkret addımlar atmalıdır” - deyə, Rabbani söyləyib.