İQTİSADİYYAT
Beynəlxalq ticarət mövzusunda təlim kursu keçiriləcəkdir
Bakı, 18 avqust (AZƏRTAC). İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatı beynəlxalq ticarət mövzusunda keçiriləcək təlim kursu ilə bağlı gənc kadrlardan ərizələrin qəbuluna başlamışdır.
Təlim kursu oktyabrın 17-28-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcəkdir. Layihənin məqsədi Cənubi Qafqaz ölkələrinin beynəlxalq təşkilatlarda rolunu artırmaq, dövlət idarəçiliyi işlərində hesabatlılıq və şəffaflığı yüksəltmək, informasiyaya çıxışı təkmilləşdirməkdir. Həmçinin beynəlxalq və regional ticarət qaydaları, bu sahə ilə bağlı təfsilatlı araşdırmalar da diqqət mərkəzində olacaqdır.
Kursda iştirak etmək istəyən gənclər aidiyyəti dövlət qulluğunda çalışmalı və ingilis dilini mükəmməl bilməlidirlər.
Ətraflı məlumat və təqdim olunacaq ərizə forması http://graduateinstitute.ch/executive/cabir internet səhifəsindədir.