İQTİSADİYYAT
“Bibiheybətneft” neft və qaz çıxarma idarəsi I rübdə yüksək texniki-iqtisadi göstəricilər qazanmışdır
Bakı, 14 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” neft və qaz çıxarma idarəsi yanvar-mart aylarında yüksək texniki-iqtisadi göstəricilər qazanmışdır.
İdarədən AZƏRTAC-a bildirmişlər ki, ilin birinci rübündə idarədə plan üzrə 28 min ton neft hasilatı nəzərdə tutulduğu halda, faktiki 29 min 195 ton neft hasil olunmuşdur. Hesabat dövründə müəssisədə 27 min 900 tona qarşı, 29 min 94 ton neft təhvil verilmişdir.
Yanvar-mart aylarında idarədə plan üzrə 3 milyon 300 min kubmetr qaz hasilatı nəzərdə tutulduğu halda, faktiki olaraq bu rəqəm 4 milyon 193 min kubmetrə bərabər olmuşdur. Müəssisədə 2 milyon 710 min kubmetr qaz təhvili planlaşdırılmış, ancaq bu rəqəm 3 milyon 603 min kubmetr olmuşdur.
Ötən dövr ərzində müəssisədə 112 quyuda texniki tədbir işləri nəzərdə tutulmuş, lakin 135 quyuda texniki tədbir aparılmışdır. Nəticədə 338 tona qarşı, 388 ton neft hasil olunmuşdur.
Yanvar-mart aylarında “Bibiheybət” yatağında ətraf mühitin mühafizəsi sahəsində müəyyən işlər görülmüşdür. 2014-2015-ci illərin payız qış mövsümünə hazırlıq məqsədilə 2 min 800 metr yerüstü neft kəmərləri yeraltına köçürülmüşdür. ARDNŞ-in “Ekoloji siyasət” sənədinin “0” tullantı prinsipinin əhəmiyyəti nəzərə alınaraq idarədə 16 ədəd quyu vakuum xətlərinə qoşulmuşdur. Bunun nəticəsində 6,672 min kubmetr qaz tutularaq, sistemə qaytarılmışdır.