CƏMİYYƏT
Biləsuvar rayon sakinindən 15 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə götürülüb
Bakı, 4 mart, AZƏRTAC
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 15 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləsuvar rayonunun Zəhmətabad kənd sakini, əvvəllər məhkum olunmuş Cavid Əliyev polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Axtarış zamanı ona məxsus idman çantasından ayrı-ayrı bağlamalarda ümumilikdə 11 kiloqram 630 qram heroin, 720 qram metamfetamin və 3 kiloqramdan artıq tiryək aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla onun xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi müəyyən olunub. Belə ki, C.Əliyev narkotik vasitələri həmin şəxs vasitəsilə əldə etdiyini və onun deyəcəyi yerlərə çatdırmaqla satışını təşkil etməli olduğunu bildirib.
Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.