ELM VƏ TƏHSİL
Biləsuvar rayonunda təhsil işçilərinin konfransı keçirilmişdir
Biləsuvar, 11 sentyabr (AZƏRTAC). Sentyabrın 11-də Biləsuvar rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə ötən dərs ilinin yekunları və qarşıda duran vəzifələrlə bağlı məruzə edən təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov rayonda 14 minə yaxın şagirdin təlim-tərbiyəsi ilə 1.600-dən çox müəllimin məşğul olduğunu bildirmişdir. Qeyd etmişdir ki, 2012-2013-cü tədris ilinə rayonda ciddi hazırlıq işləri aparılmış, məktəb binalarında əsaslı və cari təmir işləri görülmüş, təhsil ocaqlarının hamısı dərslik və avadanlıqla təchiz edilmişdir. Bu il 180 nəfərin ali və orta ixtisas məktəblərinə qəbul olunduğunu qeyd edən natiq, onlardan 30 nəfərin 500, altı nəfərin 600-dən çox, bir nəfərin isə 675 bal yığmasını müəllim əməyinin nəticəsi kimi səciyyələndirmişdir.
Yeni dərs ili münasibətilə müəllimləri təbrik edən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev dövlətin təhsilə xüsusi önəm verməsi və bu məqsədlə reallaşan layihələr barədə məlumat vermişdir. Biləsuvarda təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdıran icra hakimiyyətinin başçısı son illər 9 yeni məktəb binasının tikildiyini, 5 məktəb binasının əsaslı təmir olunduğunu söyləmişdir. Bildirmişdir ki, yeni dərs ilində Ağalıkənd tam orta məktəbinin 1.147 yerlik binası əsaslı təmirdən sonra istifadəyə veriləcəkdir, Xırmandalı, Amankənd və Aşağı Cürəli məktəbləri üçün isə yeni binalar tikilir. Konfransda qarşıda duran vəzifələr də ətraflı müzakirə olunmuşdur.
Sonda təhsildə fərqlənən müəllimlərin bir qrupuna rayon icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələri verilmişdir.