İQTİSADİYYAT
Biləsuvarın bir neçə kəndinə təbii qaz verilmişdir
Bakı, 14 iyun (AZƏRTAC). ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində intensiv işlər aparır, qaz təchizatı sistemində mövcud olan problemlərin aradan qaldırılması, uzun müddət təbii qaz almayan yaşayış massivlərinin “mavi yanacaq”la təmin olunması məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirir.
Biləsuvar rayonunun qazlaşdırılması üçün görülən genişmiqyaslı işlər də bu baxımdan xarakterikdir.
AZƏRTAC xəbər verir ki, iyunun 14-də Milli Qurtuluş Günü ərəfəsində Biləsuvar rayonunun Yuxarı Cürəli, Ovçubərə və Ağalıkənd kəndlərinə uzun müddətdən sonra təbii qaz verilmişdir. Bu münasibətlə keçirilmiş tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin, “Azəriqaz” İB-nin rəsmiləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, Yuxarı Cürəli, Ovçubərə və Ağalıkənd kəndlərinin qazlaşdırılması üçün ikipilləli sistem əsasında uzunluğu 8300 metr olan müxtəlif diametrli polietilen, 9672 metr uzunluğunda isə metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, ilkin mərhələdə 31 ədəd sayğac quraşdırılaraq 31 mənzilə təbii qaz verilmişdir.
Qeyd olunmuşdur ki, qazlaşdırma işləri həmin kəndlərdə mərhələli şəkildə davam etdiriləcəkdir.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri Yuxarı Cürəli, Ovçubərə və Ağalıkənd kəndlərinin yenidən “mavi yanacaq”la təchiz olunmasına görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.