ELM VƏ TƏHSİL
Bilik günü Tərtər rayonunda təntənə ilə qeyd edilmişdir
Tərtər, 16 sentyabr (AZƏRTAC). Tərtər rayonunun ümumtəhsil məktəblərində yeni dərs ili yüksək əhval-ruhiyyə ilə başlanmışdır.
AZƏRTAC xəbər verir ki, Bilik günü münasibətilə rayonun bütün məktəblərində təntənəli mərasimlər keçirilmişdir. Çıxış edənlər müəllim və şagirdləri yeni tədris ilinin başlanması münasibətilə təbrik etmiş, təhsilə göstərilən dövlət qayğısından danışmışlar. Yeni dərs ilinə hazırlıqla əlaqədar məlumat verilmişdir ki, hazırda Cəmilli kənd tam orta məktəbinin qazanxanası təmir olunur. Hacıqərvənd, Qazyan, Borsunlu, Güləbatlı kənd məktəblərində əsaslı təmir işləri başa çatmaq üzrədir. Rayonun digər məktəblərində cari təmir işləri aparılmışdır. Rəcəbli kəndində isə yeni məktəb binasının tikintisinə başlanılmışdır.
Yeni dərs ili ərəfəsində altıncı siniflərdə dərs deyəcək müəllimlər kurrikulum kurslarına cəlb olunmuş, məktəblərə yeni inventar, avadanlıq, dərslik və metodiki vəsaitlər verilmişdir.
Bilik günündə rayon üzrə 47 ümumtəhsil məktəbi 13 min 390 tərtərli şagirdi öz qoynuna almışdır. Onların 850-si birincilərdir.