CƏMİYYƏT
Binəqədi rayon məktəbliləri Memorial Soyqırımı Muzeyini ziyarət ediblər
Bakı, 30 mart, AZƏRTAC
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə rayon məktəbliləri Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun inzibati binasında yaradılan Memorial Soyqırımı Muzeyini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, ziyarətdə rayon icra hakimiyyətinin məsul əməkdaşı Amal Əsgərov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Səadət Quliyeva, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşı Sevinc Beybudova, könüllülər və rayon məktəblərində təhsil alan yuxarı sinif şagirdləri iştirak ediblər.
Ziyarətin məqsədi muzeydə olan tarixi sənədlər, foto və video materiallar, hərbi cinayətlər, xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət ədəbiyyat fondu, erməni qəsbkarlarının qəddar cinayətləri haqqında dolğun məlumat verməkdən ibarət olub.
Qeyd edək ki, Memorial Soyqırımı Muzeyi xalqımıza qarşı törədilən cinayətlər barədə həqiqətlərin geniş kütlələrə çatdırılması, xüsusən gənc nəslin ətraflı məlumatlandırılması yolu ilə cinayət qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılıb.
İştirakçılar bu məlumatlarla yaxından tanış olublar.