İQTİSADİYYAT
Bir aylıq dövlət istiqrazlarının gəlirliliyi 1,36 faizdən 1,46 faizədək artmışdır
Bakı, 26 yanvar (AZƏRTAC). Maliyyə Nazirliyi tərəfindən müddəti, gəlirliliyi və ödəniş şərtlərinə görə müxtəlif alətlərin bazara çıxarılması davam etmişdir.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin hesabatında bildirilmişdir ki, dövlət istiqrazlarının ilkin və təkrar bazarının həcmi 38,5 faiz azalmış, lakin müxtəlif müddətli istiqrazların gəlirliliyi üzrə artım müşahidə olunmuşdur. Belə ki, 1 aylıq dövlət istiqrazlarının gəlirliliyi ilin əvvəlindən sonunadək 1,36 faizdən 1,46 faizə, 3 aylıq dövlət istiqrazlarının gəlirliliyi 1,61 faizdən 2,5 faizə, 6 aylıq dövlət istiqrazlarının gəlirliliyi 2,01 faizdən 2,95 faizədək artmış, 1 illik dövlət istiqrazlarının gəlirliliyi 3,5 faiz, 1 illik geri çağırıla bilən dövlət istiqrazlarının gəlirliliyi 3,99 faiz, 2 illik dövlət istiqrazlarının gəlirliliyi 4,49 faiz, 3 illik dövlət istiqrazlarının gəlirliliyi isə 4,95 faiz təşkil etmişdir.