Bir gecənin faciəsi...
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Qız qalasının yaxınlığında Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş “Bir gecənin faciəsi” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Qoruq İdarəsinin mətbuat xidmətinin rəhbəri Rahib Azəri 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımının Azərbaycan tarixində misli görünməmiş faciə olduğunu və bu faciənin heç zaman yaddaşımızdan silinməyəcəyini qeyd edib.
O deyib: “Tarix XX əsrin sonlarında sivilizasiyanın yüksək həddə çatdığı bir dövrdə təcavüzkar erməni qəsbkarları tərəfindən insanlığa sığmayan belə bir vəhşiliyə şahidlik edib. Hər bir Azərbaycan vətəndaşı bu tarixi yaddan çıxarmamalı, tariximizdən ibrət dərsi götürməli və gələcək nəsillərə təlqin etməlidir. Bu gün qüdrətli Azərbaycan Ordusu öz torpaqlarını geri almağa qadirdir. İki il əvvəl - 2016-cı ilin Aprel döyüşləri bir daha bunu göstərdi. Prezident İlham Əliyevin söylədiyi kimi, “Biz bütün tarixi torpaqlarımıza hökmən qayıdacağıq”.
Sonra havaya simvolik qara şarlar buraxılıb.