CƏMİYYƏT
Bir nəfərin qəsdən öldürülməsi, iki şəxsin isə xəsarət alması ilə bağlı cinayət işi başlanıb
Bakı, 28 fevral, AZƏRTAC
Fevralın 25-də Xətai rayonu ərazisində bir nəfərin aldığı xəsarətlərdən ölməsi, iki nəfərin isə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat verilib.
Xətai Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış ilkin araşdırmalarla Bəxtiyar Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirdiyi, nəticədə Ülkər Məmmədovanın aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində öldüyü müəyyən olunub.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bəxtiyar Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.