MƏDƏNİYYƏT
Birinci Dünya müharibəsinin məqsədlərindən biri Cənubi Qafqazı ələ keçirmək və Azərbaycanın enerji ehtiyatlarına yiyələnmək olub
“Kapellhaus”da Almaniya professorunun Birinci Dünya müharibəsi dövründə dünya nizamına həsr olunmuş mühazirəsi keçirilib
Bakı, 26 noyabr, Ayişə Axundova, AZƏRTAC
Birinci Dünya müharibəsinin 100 illiyi ilə əlaqədar Bakıda keçirilən Alman-Fransız anım həftəsi çərçivəsində noyabrın 26-da “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində alman tarixçi alimi, professor Volker Venax “Meqalomaniya əməliyyatı: Almaniya və Zaqafqaziya regionu Birinci Dünya müharibəsi dövründə” məruzəsi ilə çıxış edib.
Məruzə başlanmazdan əvvəl qeyd edilib ki, iki ölkənin səfirlikləri tərəfindən təşkil olunmuş birgə tədbir rəmzi məna daşıyır, yüz il bundan əvvəl Birinci Dünya müharibəsində iştirak etmiş iki xalq arasında dostluq və əməkdaşlığı təcəssüm etdirir.
Bildirilib ki, tarixçi alim, professor V.Venax Almaniyada anadan olub və təhsil alıb. Sonra o, bir neçə il Tbilisi Dövlət Universitetində Cənubi Qafqaz mövzusuna həsr olunmuş dissertasiya üzərində işləyib.
Böyük maraqla dinlənilmiş mühazirə Birinci Dünya müharibəsi dövründə dünya nizamına həsr olunub. Qeyd edilib ki, meqalomaniyadan (böyüklük maniyasından) əziyyət çəkən Almaniya reyxinin planlarında yeni, kifayət qədər ucqar əraziləri, xüsusən Cənubi Qafqaz regionunu ələ keçirmək və Azərbaycanın enerji ehtiyatlarına yiyələnmək niyyətləri olub. Dünyanı dəyişdirmək məqsədilə imperialist dövlətlər tərəfindən başlanan genişmiqyaslı hərbi əməliyyatlar böyük dağıntılara, məşəqqətlərə və milyonlarla ölçülən insan tələfatına səbəb olub.
Tədbirdə iştirak edən AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə və bu institutun beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin müdiri, professor Həsən Əlibəyli “Qloballaşma dövründə Birinci Dünya müharibəsi fenomeni haqqında” və “Birinci Dünya müharibəsi illərində İngiltərə-Rusiya İttifaqının qəsbkarlıq siyasətinin siyasi-hüquqi əsasları” məruzələri ilə çıxış etmiş, alman tarixçisinin mühazirəsinin elmi dəyəri, tarixi dəqiqliyi və məzmunu barədə öz rəylərini bildirmişlər.
Alimlər əminliklə söyləyiblər ki, mühazirə gənclərdə maraq doğuracaq. Bütün hərbi əməliyyatların faciəsi və ağır nəticələri barədə onlarda düzgün təsəvvür olmalıdır, belə faktlar romantikləşdirilməməlidir.
Sonda alimlər tədbir iştirakçılarının suallarına cavab veriblər.
Tədbir çərçivəsində XX əsrin əvvəllərində Berlinin və Parisin görüntülərini əks etdirən fotoşəkillərin sərgisi təşkil olunub.
Tədbirdə Almaniyanın və Fransanın Azərbaycandakı səfirliklərinin əməkdaşları, gənclər, tələbələr, jurnalistlər iştirak ediblər.