CƏMİYYƏT
Bişkekdə ana və yeni doğulmuş uşaqların sağlamlığına dair beynəlxalq konfrans keçirilir
Bakı, 20 iyul, AZƏRTAC
İyulun 20-22-də Qırğızıstanın Bişkek şəhərində Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Mərkəzi Asiya və Qafqaz ölkələrində ana və yeni doğulmuş uşaqların sağlamlığının qorunması sahəsində inkişafın gücləndirilməsi ilə bağlı ölkələrarası görüş keçirilir. Mərkəzi Asiya və Qafqaz ölkələrinin nümayəndələrinin iştirak etdikləri görüşdə respublikamızı Səhiyyə Nazirliyinin, BMT-nin Uşaq Fondunun (UNİCEF) ölkəmizdəki nümayəndəliyinin əməkdaşları təmsil edirlər.
Bu barədə AZƏRTAC-a İSİM-in mətbuat xidmətindən məlumat verilib.
İSİM-in səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Nabil Seyidovun da qatıldığı konfransın əsas qayəsini Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələr, qadın və uşaqlara göstərilən müalicə-profilaktika yardımlarının keyfiyyətinin yüksəldilməsi, yeni doğulmuş körpələrin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması məsələləri təşkil edir. O cümlədən görüşün məqsədinə ən qabaqcıl klinik təcrübə biliklərinə yiyələnmək, region ölkələrində səhiyyə sistemində lazımi islahatların və ictimai səhiyyə sahəsində mübadilələrin aparılması daxildir. Belə ki, bu da gələcəkdə ölkələrə qeyd olunan istiqamətlərdə özünəməxsus fəaliyyət planını tərtib etməkdə kömək olacaq.
Konfransda körpələrin ölümünə səbəb olan hallar zamanı müşahidə edilən infeksiyalar iştirakçılar tərəfindən bir daha təhlil ediləcək, yenidoğulmuşların sağlamlığında yaşanan problemlərin müəyyənləşdirilməsi və həlli istiqamətində fikir mübadiləsi aparılacaq.
Beynəlxalq tədbirdə Dünya Səhiyyə Təşkilatı, UNİCEF, Ağa Xan Universiteti, Mərkəzi Asiya Universiteti, Uşaqların Sağlamlığı üzrə Qlobal “SickKids” Mərkəzi və Beynəlxalq Pediatriya Assosiasiyasının təmsilçiləri və tədqiqatçıları iştirak edirlər. Mütəxəssislər bir araya gələrək, “Hər yenidoğulmuş üzrə Fəaliyyət Planı” və bu strategiyadan irəli gələn vəzifələrdən danışacaq, region ölkələrində ana və uşaq ölümünün qarşısının alınması ilə bağlı təkliflərini və tövsiyələrini bildirəcəklər.