SİYASƏT
Bişkekdə “Heydər Əliyev və türk dünyası” mövzusunda elmi-nəzəri konfrans keçiriləcəkdir
Bişkek, 1 aprel (AZƏRTAC). Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu (TDSDF), “Qırğızıstan Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzi” İctimai Birliyi, İssıkkuldakı “Xəzər” İctimai Birliyi, “Qırğızıstan Azərbaycanlıları Konqresi” İctimai Birliyi, Kara Balta Azərbaycanlılarının “Содружество” Cəmiyyəti aprelin 10-da Qırğızıstan Milli Elmlər Akademiyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar “Heydər Əliyev və türk dünyası” mövzusunda elmi-nəzəri konfrans keçiriləcəklər.
Konfransda Qırğızıstanın tanınmış siyasətçiləri, elm və mədəniyyət xadimləri, yazıçılar və şairlər, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak edəcəklər.
TDSDF-nin sədri Nüsrət Məmmədov konfransda çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verəcəkdir.
Qırğızıstan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Abdıldacan Akmataliyev, akademik Askar Mameev, SSRİ xalq artisti, SSRİ dövlət mükafatı laureatı Bolot Şəmşiyev, bu ölkənin Ombudsmanı Tursunbek Akun, professor Qiyas Xəlilov, Qırğızstan Milli Yazıçılar İttifaqının birinci katibi Nurlan Kalıbayev və başqaları türk dünyasının tanınmış şəxsiyyəti, dünya şöhrətli siyasi xadim Heydər Əliyev haqqında fikirlərini bölüşəcəklər.
May ayında isə TDSDF-nin təşəbbüsü ilə Qırğızıstan Dövlət Universitetində ulu öndər haqqında Bişkekdə çap olunmuş kitablardan ibarət sərgi, Qırğız-Türk Alatoo Universitetində ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı fotosərgi təşkil ediləcəkdir. Bundan başqa, dünya şöhrətli siyasi xadimin 90 illiyinə həsr olunmuş konsert keçiriləcək, ulu öndərin adını daşıyan parkın təməlqoyma mərasimi təşkil ediləcəkdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek