SİYASƏT
BMT baş katibinin Beynəlxalq Narkotiklərdən Sui-İstifadə və Narkotiklərin Qanunsuz Dövriyyəsi ilə Mübarizə Günü münasibətilə müraciəti yayılmışdır
Bakı, 24 iyun (AZƏRTAC). İyunun 24-ü dünyada Beynəlxalq Narkotiklərdən Sui-İstifadə və Narkotiklərin Qanunsuz Dövriyyəsi ilə Mübarizə Günü kimi qeyd olunur. Bu günün qeyd olunma tarixi 1961-ci ildə qəbul olunmuş Narkotik Maddələr haqqında Vahid Konvensiyanın 50 illik ildönümü ilə üst-üstə düşür.
Bu münasibətlə BMT-nin baş katibi Pan Gi Munun dünya ictimaiyyətinə müraciəti yayılmışdır. Sənəddə bir zamanlar daha çox sosial və kriminal problem hesab edilən narkotiklərin satışının son illərdə insanlar və regionların sağlamlığı və təhlükəsizliyinə ciddi təhlükə yaradan problemə çevrildiyi vurğulanır. Bildirilir ki, təhlükənin bu qədər geniş yayıldığını nəzərə alaraq, bu yaxınlarda qanunsuz narkotik dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizəmizi əlaqələndirmək və gücləndirmək, bu işi BMT-nin bütün sülhməramlı, sülh yaradan, təhlükəsizlik, inkişaf və tərksilah fəaliyyətinə cəlb edilməsi məqsədi ilə BMT sisteminin ümumi strategiyasının inkişafı üçün İşçi Qrupu yaradılmışdır. Beləliklə, BMT narkotiklərin satışı və mütəşəkkil cinayətkarlığın başqa formaları ilə mübarizəni qlobal təhlükəsizlik və inkişaf gündəliyinə çıxara bilər.
Pan Gi Mun dünya ictimaiyyətini narkotiklərin satışı və narkotikdən sui-istifadəyə qarşı mübarizəyə çağırır. Vurğulayır ki, ailələr, məktəblər, vətəndaş cəmiyyətləri və dini təşkilatlar icmaların narkomaniyadan xilas olunmasına kömək edə, media narkotik təhlükəsi haqqında cəmiyyətin məlumatlılıq səviyyəsini artıra bilər. Bu, icmaları narkotiklərə görə törədilən cinayət və zorakılıqdan, insanları isə narkotik asılılıqdan azad edəcək və birgə gələcəyimiz naminə hər kəs üçün daha təhlükəsiz dünya qurmağa yardım edəcəkdir.