SİYASƏT
BMT İNSANLARI TOLERANTLIĞI QORUMAĞA ÇAĞIRIR
AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun 16 noyabr - Beynəlxalq Tolerantlıq günü münasibətilə dünya ictimaiyyətinə müraciət etmişdir.
Müraciətdə deyilir ki, 1995-ci ildə YUNESKO 16 noyabr tarixini hər il Beynəlxalq Tolerantlıq günü elan etmişdir. Bununla yanaşı, dini dözümlülüklə bağlı ondan çox saziş, bəyannamə və tövsiyə də vardır. Bu gün həmin sənədlərin hər biri öz əhəmiyyətini qoruyub saxlayır və onların hər birinə tam mənada hörmət edilməlidir.
Bu gün dünyamız müharibə, terrorizm, insanlığa qarşı cinayətlər, etnik təmizləmə, azlıqlara və mühacirlərə qarşı ayrı-seçkilik və belə çoxsaylı hallar ilə üzləşməkdə davam edir. Bu da qloballaşan dünyada bizi bir araya gətirməklə yanaşı, həm də böyük qorxu hissinə və daxili ziddiyyətlərə səbəb olur. Planetimizin fəaliyyəti üçün dəhşətli təhlükələrin artması və bunun nəticəsində yaranmış gərginlik potensialı tolerantsızlığa aparır.
BMT-nin baş katibinin müraciətində deyilir ki, biz bu təhlükələrə qarşı mübarizənin yollarından - mədəni müxtəlifliyin davamlı inkişafı istiqamətində işin, tolerantlıq və sülh təhsilinin ən yaxşı vasitələr olduğundan xəbərdarıq. Güclü vətəndaş cəmiyyətinin olması, insan hüquqlarına diqqətin artırılması, azad və məsuliyyətli mətbuatın mövcudluğu bizim ən qüdrətli təminatçılarımızdır.
Lakin o da məlumdur ki, müsbət dəyişikliyin əsas icraçıları beynəlxalq konvensiya və sazişlərə imza atan hökumətlərdir. Beynəlxalq ictimaiyyətin onlara yardım etmək kimi ağır vəzifəni daşımasına baxmayaraq, siyasətlərin həyata keçirilməsi məhz hökumətlərin məsuliyyətidir. Dövlət rəhbərlərinə onların öhdəlik və vəzifələrini xatırlatmaq zamanıdır. Tolerantlığın zəruriliyi hər birimiz üçün aydındır, lakin iradəmiz daha güclü olmalıdır.
Müraciət bu sözlərlə tamamlanır: “Bu gün Beynəlxalq Tolerantlıq gününü qeyd edərkən, onu da unutmamalıyıq ki, bizim bu sahədəki fəaliyyətimiz sabah yenidən davam edəcəkdir”.