DÜNYA
BMT-nin baş katibi ABŞ-ı Rusiyanın Suriyada kimyəvi silahlara beynəlxalq nəzarət haqqında təklifini qəbul etməyə çağırmışdır
Bakı, 10 sentyabr (AZƏRTAC). BMT-nin baş katibi Pan Gi Mun Rusiyanın Suriyada kimyəvi silahlar üzərində beynəlxalq nəzarət təşkil edilməsi barədə təklifini dəstəkləməyə çağırmışdır.
Baş katib bu barədə sentyabrın 10-da Nyu-Yorkda BMT-nin mənzil-qərargahında Yaponiyada hakim koalisiyaya daxil olan Yeni Komeyto partiyasının lideri Natsuo Yamaquti ilə görüş zamanı bəyanat vermişdir.
Pan Gi Mun demişdir: “Mən istərdim ki, bu ideyanı ABŞ və Suriya dəstəkləsin”. BMT-nin baş katibi eyhamla bildirmişdir ki, Rusiyanın təklifinin qəbul edilməsi Dəməşqə qarşı hərbi əməliyyatdan vaz keçməyə kömək edə bilərdi.
“Mən Suriyada vəziyyətin hərbi yolla deyil, dinc yolla nizamlanmasının tərəfdarıyam” – deyən Pan Gi Mun daha sonra əlavə etmişdir: “Suriyada münaqişəyə son qoyulması və orada cəmiyyətin yenidən qurulması çox vacibdir”.
ABŞ Prezidenti Barak Obama da bir qədər əvvəl CBS teleşirkətinə verdiyi müsahibədə bildirmişdir ki, Rusiyanın Suriyada kimyəvi silahlar üzərində beynəlxalq nəzarət barədə təklifi, potensial baxımdan, hadisələrin müsbət istiqamətdə inkişafına təkan verə bilər. Obama dövlət katibi Con Kerriyə Rusiyanın təşəbbüsünü RF XİN rəhbəri Sergey Lavrovla müzakirə etmək barədə göstəriş verdiyini bildirmişdir.