BMT-NİN BAŞ KATİBİ BEYNƏLXALQ AHILLAR GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACİƏT ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, BMT-nin baş katibi Pan Gi Mun 1 Oktyabr - Beynəlxalq Ahıllar günü münasibətilə dünya ictimaiyyətinə müraciət etmişdir.
Baş katib bildirmişdir ki, bu il Beynəlxalq Ahıllar gününün əsas mövzusu olan “Ahılların hüquqları” İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin 60 illiyini qeyd etdiyimiz bir dövrdə xüsusilə aktualdır.
Ahılların azadlığının, siyasi həyatda iştirakının və ləyaqətlərinin təbliğ edilməsi uzun müddət BMT-nin gündəliyində duran məsələlərdən olmuş və Yaşlaşma üzrə Madrid Beynəlxalq Fəaliyyət Planının həyata keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Pan Gi Mun qeyd etmişdir ki, altı il bundan əvvəl Yaşlaşma üzrə Ümumdünya Assambleyası həmin Planı qəbul edərkən BMT-nin üzv dövlətləri yaş ayrıseçkiliyi də daxil olmaqla, bütün növ ayrıseçkiliyi aradan qaldırmağı öhdəliklərinə götürmüşlər. Onlar bir daha təsdiq etmişlər ki, yaşından asılı olmayaraq hər bir kəsin cəmiyyətin iqtisadi, sosial, mədəni və siyasi həyatında fəal iştirakı tam təmin olunmalıdır.
Bu öhdəliklərə baxmayaraq, dünyanın bir çox ölkələrində yaşlı insanların hüquqlarının hər gün pozulduğunu deyən baş katib bildirmişdir ki, ahılların cəmiyyətdə vacib rolunun başa düşülməsi Madrid Fəaliyyət Planının əsas sütunlarından biridir. Cari ilin əvvəlində Planın qiymətləndirilməsi aydın şəkildə göstərmişdir ki, yaşlı insanlara yardım etmək, onların daimi gəlirlərinin və sosial müdafiələrinin, keyfiyyətli səhiyyə, eyni zamanda uzunmüddətli qayğının təmin edilməsi üçün yerli səviyyədə daha çox işlərin görülməsinə ehtiyac vardır.
Müraciətin sonunda dünya ictimaiyyəti bir daha ahılların hüquqlarının təmin edilməsindən və cəmiyyətin arzusunda olduğu həyat şəraitinin bütün yaşlarda olan insanlar üçün reallığa çevirməkdən ötrü səyləri artırmağa çağırılır.