SİYASƏT
BMT VƏ BAMF ARASINDA ƏMƏKDAŞLIQ İMKANLARI MÜZAKİRƏ EDİLMİŞDİR
Vyana, 25 noyabr (AZƏRTAC). BMT-nin İqtisadi-sosial Şurasının konsultativ statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev noyabrın 24-də BMT-nin Vyana bölməsinin İnformasiya Xidmətinin mətbuatla əlaqə xidmətinin rəhbəri Anna Tomas və QHT-lərlə iş üzrə mütəxəssis Maria Naderhirn ilə görüşmüşdür.
Görüşün əsas məqsədi birgə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparmaq və gələcək perspektivlərə nəzər salmaq olmuşdur.
Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondu barədə qarşı tərəfə məlumat vermiş, təşkilatın yaranması, fəaliyyət istiqamətləri, həyata keçirilmiş tədbirlər, maraq dairəsindən bəhs etmişdir. Bildirilmişdir ki, BAMF indiyədək BMT qurumları, ABŞ Dövlət Departamenti, Avropa Komissiyası, BMT-nin Bakı informasiya departamenti və digər beynəlxalq təsisatlarla çoxlu sayda birgə layihələr həyata keçirmişdir.
Azərbaycanda media və vətəndaş cəmiyyəti ilə bağlı BAMF tərəfindən həyata keçirilmiş layihələr və təlimlər, qurumun apardığı monitorinqlər barədə məlumatlar BMT əməkdaşları tərəfindən maraqla qarşılanmışdır.
Görüşdə BMT-nin İnformasiya Xidmətinin fəaliyyət prioritetləri barədə məlumat verilmiş, gələcəkdə faydalı əməkdaşlığın qurulmasına dair fikir mübadiləsi aparılmışdır.
U.Mirzəyev həmçinin BMT-nin İnformasiya Xidmətinin rəhbəri Maher Nasser ilə görüşmüşdür. Görüşdə gələcək əməkdaşlığın mümkün istiqamətləri müəyyənləşdirilmiş, informasiya mübadiləsi və birgə layihələrdən bəhs edilmişdir. Söhbət zamanı Avropa və Azərbaycan vətəndaş cəmiyətləri arasında birgə layihələrin təşkil olunmasına da toxunulmuşdur.
M.Nasser gələcəkdə səmərəli əməkdaşlığın qurulacağına ümidvar olduğunu bildirmişdir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
######