İDMAN
Boks üzrə Azərbaycan milli komandası dünya çempionatına Qırğızıstanda hazırlaşacaqdır
Bakı, 25 avqust (AZƏRTAC). Boks üzrə Azərbaycan milli komandası dünya çempionatına hazırlıq məqsədilə Qırğızıstana gedəcəkdir.
AZƏRTAC xəbər verir ki, yığmamız Qırğızıstan boksçuları ilə birgə İssık-Kul gölü sahilində yerləşən Müdafiə Nazirliyinin Tamqa kəndindəki sanatoriyasında məşq edəcəkdir.
Azərbaycan yığması Qırğızıstana baş məşqçi Vladimir Zolotaryov və məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında 22 boksçu ilə yollanacaqdır. Heyətə Olimpiya oyunlarının mükafatçıları Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı), Teymur Məmmədov (91 kq), Avropa çempionu Salman Əlizadə (49 kq), Elvin Məmişzadə (52 kq) kimi təcrübəli boksçular daxil edilmişdir.
K-1 üzrə dünya çempionu Zabit Səmədov da millimizin heyətində təlim-məşq toplanışına qatılacaqdır. Yığmamız sentyabrın 18-dək Qırğızıstanda qalacaqdır. Daha sonra Bakıya qayıdacaq boksçularımız bir müddət istirahət etdikdən sonra bu dəfə Qazaxıstana toplanışa yollanacaqlar. Millimiz oktyabrın 13-də Almatıda başlanacaq dünya çempionatınadək bu ölkədə qalacaqdır.