SİYASƏT
Bosniya və Herseqovina Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
Bakı, 5 fevral (AZƏRTAC). Bosniya və Herseqovina Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində həllinin tərəfdarıdır. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan torpaqları tez bir zamanda azad olunmalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanda səfərdə olan Bosniya və Herseqovina Parlament Məclisinin Nümayəndələr Palatasının üzvü, bu ölkənin AŞPA-dakı nümayəndəsi Militsa Markoviç demişdir.
Militsa Markoviç, vurğulamışdır ki, Bosniya və Herseqovinanın parlamentinin nümayəndələr palatasında Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə dair qətnamə qəbul olunmuşdur.
Bir neçə gündən sonra isə Bosniya və Herseqovinanın yuxarı palatasında da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı eyni sənədin müzakirəsinə başlanılacaqdır. Bunlar bir daha sübut edir ki, Bosniya və Herseqovina Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Militsa Markoviç, həmçinin qeyd etmişdir ki, ölkəsi beynəlxalq arenada da rəsmi Bakı ilə eyni mövqedən çıxış edir. Bosniya və Herseqovinanı təmsil edən nümayəndə heyətinin AŞPA-nın yanvar sessiyasında məruzəçi Kristofer Ştrasserin Azərbaycana qarşı böhtan xarakterli çıxışına etiraz etməsi bunu bir daha sübut edir.