ELM VƏ TƏHSİL
Botanika İnstitutunun alimləri İsveçrədə beynəlxalq sərgidə iştirak ediblər
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə və institutun ali bitkilərin sistematikası şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Vüqar Kərimov İsveçrənin Friburq Təbiət Tarixi Muzeyində (FTTM) keçirilən dünya relikt bitkilərinə həsr olunmuş sərginin inaqurasiyasında və elmi tədbirdə iştirak ediblər. Tədbirə Avropanın müxtəlif elmi təşkilatlarında təhsillərini davam etdirən institutun doktorantları E.Əlirzayeva və A.Dadaşova da qatılıblar.
Botanika İnstitutundan AZƏRTAC-a bildirilib ki, bu elm müəssisəsi və FTTM arasında imzalanmış müqaviləyə əsasən sərgidə Azərbaycanın relikt ağac növünün yayılma əraziləri, florası, biocoğrafiyası və ekologiyasını əks etdirən xüsusi nümunələr nümayiş olunub.
Bu mühüm tədbirdə Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı, İsveçrənin təhsil naziri və digər rəsmi şəxslər iştirak ediblər.
Müzakirələrdə alimlər elmi əməkdaşlığın genişləndirilməsini, ətraf mühitin mühafizəsi istiqamətində təbliğatın vacibliyini və bu yolda müasir texnologiyaların istifadə imkanlarının cəlb olunması zəruriliyini qeyd ediblər.