MƏDƏNİYYƏT
Böyük Azərbaycan şairi və maarifçisi Mirzə Şəfi Vazehin yaradıcılığı Şərq və Qərb mədəniyyətləri arasında körpüdür
Şairin 220 illiyinə həsr edilmiş “dəyirmi masa” keçirilib
Bakı, 5 dekabr, Ayişə Axundova, AZƏRTAC
Dekabrın 5-də “Park-İnn” hotelində “Gəncəli ustad - Mirzə Şəfi” mövzusunda “dəyirmi masa” keçirilib. Böyük Azərbaycan şairi və maarifçisi Mirzə Şəfi Vazehin anadan olmasının 220 illiyinə həsr edilmiş tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral 2014-cü il tarixli “Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin Kulturologiya üzrə Elmi-Metodik Mərkəzi tərəfindən təşkil edilib.
Kulturologiya üzrə Elmi-Metodik Mərkəzin direktoru, professor Vilayət İsmayılov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın diqqət və dəstəyi sayəsində Azərbaycanın görkəmli mədəniyyət və ədəbiyyat xadimlərinin yubileyləri respublikamızda və onun hüdudlarından kənarda geniş qeyd edilir. O vurğulayıb ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən bu il ölkəmizdə Mirzə Şəfi Vazehin yaradıcılığına həsr edilmiş silsilə tədbirlər keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dillər kafedrasının müdiri, professor Akif Bayramov tədbirdə “Mirzə Şəfi fenomeni” mövzusunda məruzə ilə çıxış edib. Təxminən yarım əsr ərzində Vazehin şəxsiyyətinin və ədəbi irsinin tədqiqi ilə məşğul olan məruzəçi şairin həyat və yaradıcılığının əsas mərhələləri haqda danışıb. Qeyd edilib ki, Gəncədə doğulmuş Vazehin həyatının çox hissəsi XIX əsrdə Qafqazın mədəni mərkəzi olan Tiflisdə keçib. Mirzə Şəfi Vazehin müasiri, alman şərqşünası, tərcüməçi və səyyah Fridrix fon Bodenştedt onun poetik yaradıcılığı ilə maraqlanıb.
Bodenştedt Vazehin şeirlərinin əlyazmalarını Almaniyaya aparıb. Orada bu şeirlər alman dilinə tərcümə olunub, nəşr edilib və bütün Qərbdə populyarlaşıb. Lakin bir neçə ildən sonra Bodenştedt bəyan edib ki, həmin şeirlərin müəllifi Vazeh yox, Bodenştedt özüdür və ümumiyyətlə, Mirzə Şəfi obrazını Bodenştedt özü uydurub. Sonralar Azərbaycanın ədəbiyyatşünas alimləri Salman Mümtaz, Mikayıl Rəfili, Əliəjdər Seyidzadə və başqaları şairin ədəbi irsi ilə bağlı dərin araşdırmalar apararaq onun real tarixi şəxsiyyət olduğunu sübut ediblər.
Filologiya üzrə fəlsəfə doktoru Oruc Qaraxanovun “Azərbaycan və Almaniya ədəbi-elmi fikri F.Bodenştedtin və Mirzə Şəfinin münasibətləri haqqında” və Azərbaycan Dillər Universitetinin alman dilindən tərcümə kafedrasının dosenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-tərcüməçi Yusif Savalanın “Vazehin lirikası” adlı məruzələrdə də Mirzə Şəfi Vazehin qəzəllərinə Almaniyada böyük maraq olması vurğulanıb, şairin bioqrafiyasından çoxlarına məlum olmayan maraqlı faktlar qeyd edilib. “Dəyirmi masa”da Mirzə Şəfinin şeirləri Azərbaycan və alman dillərində səslənib.
Tədbirdə ədəbiyyatşünaslar, filoloq tələbələr, poeziya sərrafları və jurnalistlər iştirak ediblər.