DÜNYA
Böyük Britaniya işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq üçün viza sistemində dəyişiklik edəcək
London, 29 sentyabr, AZƏRTAC
Böyük Britaniya işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq üçün viza sistemində dəyişiklik edəcək.
AZƏRTAC xəbər verir ki, yeni Baş nazir Liz Trass ölkədəki bəzi əsas sektorlarda kəskin işçi çatışmazlığını aradan qaldırmaq üçün viza sistemində dəyişiklik edəcəyini bildirib. Trassın təşəbbüsü iş adamları tərəfindən müsbət qarşılanıb.
Yeni sistemdə ilk olaraq işçi qüvvəsi çatışmazlığı olan peşələrin siyahısının dəyişdirilməsi nəzərdə tutulur. Bu yolla kadrların işə götürülməsinə şərait yaratmaq hədəflənir.
Ölkədə internet infrastrukturunun inkişafı üçün bu sektorların başında rabitə texnologiyaları sahəsində çalışanların yer alacağı gözlənilir. Həmçinin kənd təsərrüfatı işçiləri üçün 38 min viza kvotası olsa da, ehtiyac duyulan işçilərin sayının xeyli çox olduğunu bildirərək bu limitin artırılması nəzərdə tutulub.
Şirkətlərin xarici ölkələrdən gələn işçi qüvvəsini işə götürməsini asanlaşdırmaq üçün ingilis dili biliyi tələbinin yumşaldılması da gündəmdədir.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London