SİYASƏT
BÖYÜK BRİTANİYA SƏFİRLİYİ VİZA PROSEDURLARINA DƏYİŞİKLİK ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin viza şöbəsi viza üçün müraciət prosesini tezləşdirmək və müştəriləri yüksək keyfiyyətli xidmətlə təmin etmək məqsədilə oktyabrın 27-dən yeni prosedurlar tətbiq edəcəkdir.
Səfirlikdən bildirmişlər ki, yeni qaydalara əsasən viza üçün ərizə və digər dəstəkləyici sənədlər eyni vaxtda təqdim olunmalıdır. Əgər ərizə forması təqdim edilərkən digər sənədlər olmadıqda Viza şöbəsinin əməkdaşları müraciət edənlərlə əlaqə saxlayıb əlavə sənədlərin təqdim edilməsini xahiş etməyəcəklər. Vizanın verilməsinə məsul əməkdaş ərizə forması və təqdim olunan sənədlər əsasında vizanın verilməsinə və ya ona etiraz olunmasına dair qərar verəcəkdir.
Dəstəkləyici sənədlər olmadan təqdim olunan ərizə formasına bir çox hallarda etiraz ediləcəkdir.
Maddi vəziyyət barədə ətraflı məlumatların göstərilməsi vətəndaşın özündən asılıdır.
Dəstəkləyici sənədlərə vətəndaşın işi, təhsili, maliyyə durumu, ona aid olan hər hansı bir mülkiyyət, səfərin təfərrüatı, Azərbaycanda və xaricdə olan ailə üzvləri (valideynlər və bacı-qardaş) barədə məlumatlar daxildir. Əgər səfər digər bir şəxs tərəfindən maliyyələşdirilirsə və ya sponsorluq edilirsə, həmin şəxs barədə də eyni sənədlər təqdim olunmalıdır.
Bütün dəstəkləyici sənədlər ingilis dilinə tərcümə edilməlidir. Tərcümə olunmuş sənədlərin notarial qaydada təsdiqinə ehtiyac yoxdur, amma ərizə forması ilə birgə təqdim edilmiş hər bir sənədin ingilis dilində tərcüməsi əlavə olunmalıdır. Tərcümə edilməmiş sənədlər ərizə formasının tərkib hissəsi kimi qəbul edilməyəcəkdir.
Tələb olunan standarta uyğun olmayan şəkillər də qəbul olunmayacaqdır. Viza üçün ərizə formasına 45x35 millimetr ölçüdə və son 6 ay müddətində çəkilmiş pasport ölçülü rəngli şəkil əlavə edilməlidir. Şəkil ağ fonda çəkilməli və ərizə formasına yapışqanla yapışdırılmalıdır.
Hər bir şəxs yalnız bir görüş vaxtı seçə bilər və bir dəfədən artıq görüş vaxtı seçildikdə Britaniya səfirliyi xəbərdarlıq etmədən görüş vaxtlarını ləğv edəcəkdir.
Əlavə məlumatı Böyük Britaniyanın Bakıdakı səfirliyinin www.ukinazerbaijan.fco.gov.uk və ya Birləşmiş Krallığın Sərhəd Agentliyinin www.ukvisas.gov.uk internet səhifəsində əldə etmək olar.