DÜNYA
Böyük Britaniyada seçkilərdə elektron səsvermə sistemini tətbiq etmək təklif olunmuşdur
Bakı, 28 mart (AZƏRTAC). Böyük Britaniyanın seçki komissiyasının rəhbəri Cenni Uotson ölkənin seçki sistemində islahatların aparılmasının zəruriliyini bildirmişdir.
Onun sözlərinə görə, burada əsas diqqət elektron səsvermə sisteminin yaradılması məsələlərinə yönəldilməlidir. Məqsəd seçkilərdə elə də yüksək fəallıq göstərməyən gənc seçicilərin fəallığını artırmaqdır. C.Uotson komissiyanın seçicilərə seçki günü siyahı üzrə qeydiyyatdan keçməyə də imkan verəcək elektron səsvermə də daxil olmaqla, seçki sistemində islahatların müxtəlif variantlarını nəzərdən keçirəcəyini demişdir.
Aparılmış sorğulara əsasən, təqaüdçülərin 76 faizi seçkilərdə iştirak etdiyi halda, 25 yaşına çatmamış seçicilərin 66 faizi seçki məntəqələrinə getmir.
C.Uotson qeyd etmişdir ki, seçki sistemində islahatlar aparılmayınca, bir çox seçicilər ölkə həyatına təsir göstərməyəcəkdir. Hökumət daim seçki sisteminin modernləşməsi üsullarının axtarışındadır.
AZƏRTAC newsru.com saytına istinadən xəbər verir ki, seçicilərin onlayn-qeydiyyatı sisteminin tətbiqinə bu ilin yay aylarından start verilməsi nəzərdə tutulmuşdur.