CƏMİYYƏT
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 99-cu ildönümü münasibətilə silsilə tədbirlər həyata keçirib
Bakı, 11 may, AZƏRTAC
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən müstəqil Azərbaycan dövlətinin banisi, müdrik dövlət xadimi və xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilib. Tədbirlər ulu öndər Heydər Əliyevin zəngin irsinin yaşadılması, gənclərə milli ruhun, Vətənə və xalqa məhəbbət hisslərinin aşılanması məqsədilə təşkil olunub.
Gənclər Təşkilatından AZƏRTAC-a bildirilib ki, silsilə tədbirlər çərçivəsində təşkilat nümayəndələrinin, üzv və könüllülərin iştirakı ilə Fəxri xiyabanda Ulu Öndərin məzarı ziyarət edilib. Gənclər dahi şəxsiyyətin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyublar.
Heydər Əliyev Mərkəzinə təşkil olunan ekskursiyaya “Böyük Qayıdış” Gənclər Təşkilatının əməkdaşları, könüllü və üzv gənclər qatılıblar.
Gənclər Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə yaxından tanış olub və burada nümayiş olunan, Ümummilli Liderin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar haqqında ətraflı məlumat əldə ediblər. Həmçinin gənclərin iştirakı ilə Ulu Öndərin xatirəsinə həsr olunmuş “Kod Qarabağ” adlı məntiqi-intellektual komanda oyunu keçirilib. Oyunun məqsədi Qarabağı, işğaldan azad olunmuş əraziləri gənclərə daha ətraflı tanıtmaq olub. “Zəfər”, “Dəmir yumruq”, “Bayraqdar”, “Murov”, “Qayıdış”, “Xudafərin” və ”Ərgünəş” adlı gənclərdən ibarət yeddi komanda Qarabağla bağlı şifrələrdən ibarət olan sualları cavablandırıb. Üç mərhələdən ibarət oyunda ən çox suala düzgün cavab verən “Ərgünəş” komandası qalib elan olunub. “Qayıdış” və “Dəmir Yumruq” komandaları müvafiq olaraq 2-ci və 3-cü yerləri tutublar.
Qaliblər sertifikat və medallarla təltif olunub, onlara hədiyyələr təqdim edilib.