“BÖYÜK SƏKKİZLİYİN” SONU ÇATIBMI?
Berlin, 10 iyul (AZƏRTAC). Son illər dünyada təsir dairəsi uğrunda rəqabət xeyli dəyişikliyə məruz qalmışdır. “Səkkizlər qrupu” (sənaye baxımından daha çox inkişaf etmiş yeddi dövlətin və Rusiyanın elitar klubu) kənardan kömək olmadan qlobal təhdidlərin öhdəsindən artıq gələ bilmir tezisi danılmaz həqiqətə çevrilməkdədir. Hindistan, Çin və Braziliya “böyük səkkizliyə” sıx yaxınlaşmışlar. Bu gün bir çox beynəlxalq problemlərin həllini iqtisadiyyatları sürətlə inkişaf edən həmin ölkələrin iştirakı olmadan təsəvvür etmək çətindir.
Ötən ilin noyabrında Vaşinqtonda və bu ilin aprelində Londonda keçirilmiş maliyyə problemlərinə dair iki zirvə görüşü bunu təsdiq edir. Hər iki forum “Böyük iyirmilik” formatında keçmişdir. “Böyük səkkizliyə” “Beşlər qrupu” - Braziliya, Hindistan, Çin, Meksika və CAR, habelə Argentina, Avstraliya, İndoneziya, Səudiyyə Ərəbistanı, Cənubi Koreya və Türkiyə qoşulmuşlar.
Maraqlıdır ki, “Böyük səkkizliyin” ünvanına rekviyem AFR kansleri Angela Merkelin dilindən səslənmişdir. O, bu yaxınlarda Bundestaqda çıxışında demişdir: “Böyük səkkizlik” böhran dövründə yaranmışdır. Əsas sənaye dövlətləri dünya iqtisadiyyatının gələcəyini müzakirə etmək üçün forum yaratmaq məqsədi ilə bir yerə toplaşmışdılar”. Lakin o vaxtdan vəziyyət köklü surətdə dəyişmişdir. Kansler demişdir: “Dünya getdikcə daha sıx birləşir. Sənayecə inkişaf etmiş ölkələr artıq qarşılarında duran problemləri müstəqil həll etməyə qadir deyillər”. Onun fikrincə, Akvil sammiti “Böyük səkkizlik” formatının bu gün kiyafət etmədiyini göstərmişdir.
A.Merkelin bu sözləri həm də ona görə sensasiya doğurur ki, “Səkkizlər qrupunu” iqtisadiyyatları inkişafda olan iri ölkələri cəlb etmək hesabına genişləndirmək ideyasını məhz o, uzun müddət və inadla rədd etmişdi. Almaniya kansleri Almaniyanın iki il əvvəl “Böyük səkkizliyə” sədrliyi dövründə özünəməxsus alternativ kimi Hayligendam prosesini davam etdirməyi - yəni “Səkkizliyin” Hayligendamda keçirilən sammitinə dəvət olunmuş beş ölkəni - Çin, Braziliya, Hindistan, Meksika və CAR-ı gələcək birgə tədbirlərə cəlb etməyi, onlarla mütəmadi və daha geniş əsasda görüşlər keçirməyi təklif etmişdi. Lakin qlobal maliyyə böhranı “Böyük səkkizliklə” “Böyük beşliyin” əməkdaşlığı və yaxınlaşması sürətini xeyli artırmışdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri