İDMAN
Böyüklər arasında boks üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşmişdir
Bakı, 12 yanvar (AZƏRTAC). “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən böyüklər arasında boks üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşmişdir.
AZƏRTAC xəbər verir ki, yarımfinal mərhələsində bir çox döyüşlər gərgin idman mübarizəsi şəraitində keçmişdir. Çempionatda 56 kiloqram çəki dərəcəsində mübarizə aparan İlkin Ağayev və təcrübəli Rəhim Nəcəfovun döyüşü böyük maraq doğurmuşdur. Belə ki, birinci raundda R.Nəcəfovun qaşı partladığından hakimlər döyüşü dayandırmalı olmuşlar. İ.Ağayev finalda 2007-ci ilin dünya çempionatının bürünc mükafatçısı Samir Məmmədovla üz-üzə gələcəkdir. S.Məmmədov finala gedən yolda 19-22 yaşlılar arasında Avropa çempionatının bürünc mükafatçısı Cavid Çələbiyevi məğlub etmişdir.
Yarışda 60 kiloqram çəki dərəcəsində finalda iki favorit üz-üzə gələcəkdir. Yeniyetmələrin ilk Olimpiya oyunlarının gümüş, ötən il keçirilən 19-22 yaşlıların Avropa çempionatının qalibi Elvin İsayev həlledici görüşdə gənclər arasında dünya çempionu Şaban Şahpələngovla qarşılaşacaqdır.
Heybətulla Hacəliyevin (64 kq) finalda Romal Amanova rəqib olacağı gözlənilsə də, bu baş verməmişdir. Belə ki, “Qızıl əlcək” klubunun üzvü Tapdıq Bayramov yarımfinalda 2005-ci ilin dünya çempionatının gümüş mükafatçısı R.Amanovu məğlub etmişdir.
London Olimpiadasının iştirakçısı Soltan Migitinovla 2011-ci ilin dünya çempionatında ölkəmizi təmsil etmiş Emil Əhmədov arasında qarşılaşma da yarımfinalın ən maraqlı döyüşlərindən olmuşdur. Əvvəlki formasını bərpa edən S.Migitinov qələbə qazanmışdır. O, finalda Eldar Quliyevi məğlub etməyə çalışacaqdır.
London Olimpiadasının iştirakçısı Vətən Hüseynli (81 kq) həlledici mərhələdə gənclər arasında Avropa çempionu Rauf Rəhimovla qarşılaşacaqdır. Finala mübarizəsiz yüksələn Olimpiya Oyunlarının bürünc, dünya çempionatının gümüş mükafatçısı Teymur Məmmədov növbəti dəfə ən güclü olduğunu sübut etmək üçün “Baku Fires” klubunun üzvü Abdulqadir Abdullayevi məğlub etməlidir.
Final döyüşləri yanvarın 12-də keçiriləcəkdir.