İDMAN
Böyüklər arasında boks üzrə Azərbaycan çempionatının dörddəbir finalçıları müəyyənləşmişdir
Bakı, 29 yanvar (AZƏRTAC). “Sərhədçi” Olimpiya İdman Mərkəzində böyüklər arasında boks üzrə Azərbaycan çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, artıq çempionatın dörddəbir finalçıları müəyyənləşmişdir.
Çempionatda 56 kq çəki dərəcəsində mübarizə aparan Tural Əhmədov səkkizdəbir final mərhələsini qələbə ilə başa vurmuşdur. Boksçu “Gilan” klubunun üzvü Ramiz Məmmədov üzərində qələbə qazanmışdır.
Bir müddət əvvəl karyerasını bitirdiyini açıqlayan Rəhim Nəcəfov yenidən rinqə qayıtmışdır. Milli komandamızın sabiq kapitanı Naxçıvan idmançısı Rəşad Əliyevi məğlub etmişdir. 2011-ci ilin yeniyetmələr arasında Avropa birinciliyinin gümüş mükafatçısı Araz Gülməmmədov Balakən boksçusu Rauf Əmirbəyovla döyüşdən qalib ayrılmışdır. Elvin İsayev (60 kq) də dörddəbir finala vəsiqəni təmin etmişdir. Milli komandamızın üzvü Sumqayıt təmsilçisi Süleyman Süleymanov üzərində qələbə qazanmışdır. Ötən il gənclər arasında Avropa çempionu olmuş Nəsrəddin Məmmədov Pərviz Səfərçinovu mübarizədən kənarlaşdırmışdır.
“Qəbələ” klubunun üzvü Lorenzo Sotomayorla (64 kq) Fərid İsmayılovun görüşü gərgin keçmişdir. Kuba əsilli idmançı çətin qələbə qazanaraq dörddəbir finala yüksəlmişdir.
Gənclər arasında Avropa çempionu, dünya birinciliyinin bürünc mükafatçısı Pərviz Bağırov da (69 kq) səkkizdəbir final mərhələsində qələbə qazanmışdır. P.Bağırov Qazaxıstanda keçirilən son dünya çempionatının iştirakçısı, “Sədərək” klubunun üzvü Şəmistan Novruzlunu texniki nokautla məğlub etmişdir. Milli komandamızın 1-ci nömrəsi Tamerlan Abdullayev, Elnur Süleymanov və “Baku Fires”in üzvü Osman Əliyev də növbəti mərhələyə vəsiqə qazanmışlar.
“Baku Fires”in daha bir nümayəndəsi Xaybulla Musalov (75 kq) səkkizdəbir final mərhələsində Tamerlan Məmmədovu 1-ci raundda texniki nokautla məğlub etmişdir.
Azərbaycan çempionatına yanvarın 31-də yekun vurulacaqdır.