CƏMİYYƏT
BP autizm üzrə güclü mütəxəssis potensialının yaradılmasına dəstək verir
Bakı, 8 fevral, AZƏRTAC
BP Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - SOCAR, “TPAO”, “PETRONAS”, “MOL”, “LUKoil”, “NİCO”, “Equinor”, “INPEX”, “ExxonMobil”, “SGC”, “ITOCHU”, “ONGC”, “TotalEnergies”, “Eni” - adından Azərbaycanda autizmlə bağlı məsələlərin həlli ilə məşğul olacaq və bu yönümdə səyləri birləşdirəcək yerli mütəxəssis təcrübəsinin yaradılması məqsədli layihəyə dəstək verir. Layihə Heydər Əliyev Fondu tərəfindən yaradılmış və yeni istifadəyə verilmiş Autizm Mərkəzi çərçivəsində həyata keçirilir.
BP-dən AZƏRTAC-a bildirilib ki, ötən ilin mart ayında başlamış layihənin ilk mərhələsində bir qrup yerli autizm mütəxəssisinə və bütün ölkəyə autizmlə bağlı xidmətlər göstərmək üçün Heydər Əliyev Fondu tərəfindən yaradılan yeni Autizm Mərkəzinin işçi heyətinə təlimlər keçilib.
BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qəri Counz: “İnanırıq ki, Autizm Mərkəzinin yaradılması autizmlə bağlı bütün məsələləri cəmləşdirərək cəmiyyət olaraq birlikdə onların həll olunması istiqamətində atılmış çox önəmli bir addımdır. BP və tərəfdaşları öz səylərini Heydər Əliyev Fondunun səyləri ilə birləşdirərək autizmlə bağlı problemlərin həlli üçün hazırkı beynəlxalq tendensiyalar, müasir qlobal metodologiyalar və innovativ yanaşmalar üzrə güclü milli təcrübənin formalaşmasında Mərkəzə dəstək verməkdən məmnundur. Ümid edirik ki, Fond və bütövlükdə cəmiyyət ilə sıx işləyərək, autizmlə bağlı problemlərin həllinə yanaşmanı dəyişdirə və bununla da bir çox autizmli insanların - uşaqların və böyüklərin həyatını dəyişə bilərik”.
Layihə çərçivəsində 10 yerli autizm mütəxəssisinə təlimlərin keçilməsi və onlara beynəlxalq sertifikatların verilməsi nəzərdə tutulur. Təlimlər beynəlxalq səviyyədə tanınmış ən müasir proqramlar əsasında keçirilir.
Layihəyə, həmçinin 60 yerli mütəxəssisdən ibarət bir qrupda autizm spektr pozuntularının əsasları, diaqnostika, müdaxilə, təhsil, terapiya, reabilitasiya, idarəetmə, hesabatların hazırlanması və ehtiyacların qiymətləndirilməsi kimi mövzularda təlimlər də daxildir.
Bundan əlavə, layihə çərçivəsində autizmli insanların öz sosial və karyera bacarıqlarını inkişaf etdirmələri üçün kiçik biznes davamlılığı laboratoriyası yaradılacaq və təxminən 40 nəfər autizmli insanın gələcək həyatlarında uğurlu nəticələr əldə etməsi üçün onların özünüinkişaf və biznes planları hazırlamasına kömək göstəriləcək.
Layihədə, həmçinin seçilmiş beynəlxalq tədris və metodiki materialların Azərbaycan dilinə tərcüməsi vasitəsilə beynəlxalq biliklərin ötürülməsi, Autizm Mərkəzi üçün ixtisaslı kadrların hazırlanması və autizmlə əlaqəli məsələlərin daha yaxşı başa düşülməsinə və cəmiyyətdə inklüziv düşüncə və davranışın gücləndirilməsinə yardım etmək üçün bir sıra ictimai maarifləndirmə kampaniyalarının təşkili də nəzərdə tutulur.
Layihənin müddəti 20 aydır və dəyəri təxminən 415 min AZN (244000 dollar) təşkil edir.
Layihə “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən icra olunur.