İQTİSADİYYAT
“bp-AZƏRBAYCAN” ŞİRKƏTİ “ŞAHDƏNİZ” YATAĞINDA 2-Cİ QABAQLAYICI QUYUDA GEOFİZİKİ TƏDQİQATLARA BAŞLAMIŞDIR
Şirkətdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, dərinliyi 6,5 min metr nəzərdə tutulan quyunun 7 min metrədək qazılacağı istisna edilmir. Bu barədə son qərar geofiziki tədqiqatlar başa çatdıqdan sonra qəbul olunacaqdır.
İkinci qabaqlayıcı quyu “Şahdəniz” yatağının şimal-şərq tərəfində qazılır. Burada suyun dərinliyi 101 metrdir. Qazma işləri “Caspian Drillinq Company” şirkəti tərəfindən “İstiqlal” yarımdalma qurğusu vasitəsilə aparılır. Bu işlər başa çatdıqdan sonra “bp-Azərbaycan” üçüncü qabaqlayıcı quyunu qazmağa başlayacaqdır. Onun təxminən 6 ay müddətinə qazılacağı nəzərdə tutulmuşdur.
“Şahdəniz” yatağında qabaqlayıcı qazma işləri proqramına əsasən, üç quyu qazılması planlaşdırılır.